Srebrenitsa qırğınında ölənlərin xatirəsi anılır

Fotonun müəllifi EPA
Image caption Son 20 il ərzində DNT analizilə Srebrenitsa qırğınında öldürülən 7 min adamın şəxsiyyəti müəyyən edilib.

Bosniyada 20 il əvvəl baş verən Srebrenitsa kütləvi qırğın qurbanlarının xatirəsini anmaq üçün matəm mərasimləri keçirilir.

Tədbirlərə o cümlədən Aİ xarici siyasət idarəsinin rəhbəri, Federica Mogherini, Serbiyanın baş naziri Aleksandr Vucic, Türkiyə hökumətinin rəhbəri Ahmet Davutoğlu və sabiq ABŞ prezidenti Bill Clinton qatılıb.

Matəm tədbirləri gedişatında DNT analizinə əsasən şəxsiyyətləri müəyyən edilmiş 100-dən artıq qırğın qurbanının cəsədi dəfn ediləcək.

Srebrenitsa qırğını 1995-ci ilin iyul ayında baş verib. Yuqoslaviyanın çökməsindən sonra Serbiya tərəfindən dəstəklənən yerli serblər Bosniyanın şərqindəki bölgəni nəzarət altına almışdılar.

Fotonun müəllifi Getty
Image caption 1995-ci ildə Srebrenitsa Bosniya serblərinin nəzarətinə keçib.

Srebrenitsa həmin bölgədə 3 müsəlman anklavından biri idi. Bosniya serblərilə qarşıdurmanın şiddətlənməsi fonunda minlərlə müsəlman BMT sülhməramlılarının yerləşdirildiyi və təhlükəsizlik zonası elan edilmiş Srebrenitsaya üz tutdu.

1995-ci ildə Bosniya serblərinin qüvvələri şəhər üzərinə hücumu keçdilər. Srebrenitsada yerləşdirilmiş BMT sülhməramlılarını girov alan General Ratko Mladiçin qüvvələri 16-60 yaşlar arasında olan kişiləri şəhərdən aparmağa başladılar. Qadın, uşaq və yaşlılar avtobuslarla Bosniya hokumətinin nəzarət etdiyi ərazilərə göndərilirdi.

BMT Məhkəməsinə əsasən növbəti həftə ərzində 8 minədək oğlan və kişi qətlə yetirilmişdi. Srebrenitsanın ələ keçirilməsi bosniya serblərinin 1992-1995-ci illərdəki hərbi kampaniyasının son uğurlu addımı oldu. Qırğından iki ay keçmiş Bosniya serblərinin mövqelərinə NATO hava zərbələri ardınca tərəflər arasında sülh danışıqları başladı.

Fotonun müəllifi Getty
Image caption Matəm tədbirləri gedişatında şəxsiyyətləri müəyyən edilmiş 100-dən artıq qırğın qurbanının cəsədi dəfn ediləcək.

Çərşənbə günü Rusiya qırğını soyqırım kimi dəyərləndirən BMT qətnaməsinə veto qoyub.

Srebrenitsa olayı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın sayılır. Hadisə ilə bağlı Haaqa tribunalında 14 nəfər məhkum olunub.

Srebrenitsa qırğını ilə bağlı ittihamlar əsasında Bosniya serblərinin lideri Radovan Karadzic və bosniya serbləri qüvvələrinin komandiri Ratko Mladic Haaqa tribunalına cəlb olunublar.

Bu barədə daha geniş